Ayətullah Xamenei YAZARLAR
Ayətullah Xamenei

Trampın başından böyük bu cəfəngiyatları ağıllı adamlarda gülüş doğurur

Ayətullah Xamenei İranın sionist rejimə qarşı qələbəsini ABŞ-a sillə olaraq dəyərləndirib

İslam İnqilabının Ali Rəhbəri xalqa ünvanladığı üçüncü telemüraciətində xalqımızin sionist rejim üzərindəki qələbəsinin, Silahlı Qüvvələrin bu rejimə vurduğu öldürücü zərbələrin, habelə ABŞ rejimi üzərindəki qələbənin və onların İranın nüvə obyektlərinə etdikləri nəticəsiz hücumlarına cavab olaraq İslam Respublikası tərəfindən sərt sillə almalarının təbrikə layiq məsələlər olduğunu dedi. Üçüncü təbrikin İran xalqının fövqəladə birliyi və vəhdəti ilə bağlı olduğunu vurğulayan Ali Rəhbər ABŞ prezidentinin İrandan təslim olması tələbini ehtiva edən həyasızcasına açıqlamalarına münasibət bildirərkən dedi: “Bu açıqlamlar düşmənlərin xalqımıza qarşı olan düşmənçiliyinin əsl mahiyyətini, nüvə, raket və insan haqları kimi bəhanələr altında, əslində, ən azı xalqımızı təslim etmək istəyini gizlətdiklərini üzə çıxardı. İran xalqı daim izzətli və qalibdir. Belə bir hadisə heç vaxt baş verməyəcək. ABŞ prezidentinin başından çox böyük olan bu cəfəngiyatları ağıllı və müdrik adamlarda gülüş doğurur”.

O qeyd etdi ki, İranın sionist rejimə və ABŞ-yə verdiyi sarsıdıcı cavab gələcəkdə də hər hansı təcavüz olarsa, düşmənçilik və təcavüzün təcavüzkara baha başa gələcəyini göstərir.

Ayətullah Xamenei bu müraciətində əziz şəhidlərin, şəhid sərkərdələrin və dəyərli şəhid alimlərin xatirəsini ehtiramla yad edərək xalqa xitabən belə buyurdu: “Bu qələbə bir neçə təbrikə layiqdir. Bir təbrik qondarma rejim üzərində qazanılan qələbəyə aiddir. Belə ki, o qədər hay-küy və iddialara baxmayaraq, İslam Respublikasının zərbələri altında, demək olar ki, çöküb xurd-xəşil oldu”.

O vurğuladı ki, İslam Respublikasının bu qədər sarsıdıcı zərbələr endirmək gücündə olmasını sionistlər təsəvvür belə etmirdilər: “Silahlı Qüvvələrimiz Allahın köməyi ilə onların çoxqatlı və müasir tipli müdafiə sistemlərini aşaraq, şəhər və hərbi bölgələrinin bir çoxunu raket zərbələri və qabaqcıl silahların güclü hücumları ilə yerlə-yeksan etməyi bacardılar”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Sionist rejim bilməlidir ki, İslam Respublikasına təcavüz onlara çox baha başa gələcək. Allaha həmd olsun ki, bu baş verdi. Bu iftixar Silahlı Qüvvələrimizə, bu qüvvələri öz bağrından yetişdirən, öz dəstəyi ilə onlara belə böyük işi görmək gücü verən, əlini açan və qüvvətləndirən xalqa məxsusdur”.

 Ayətullah Xamenei İran xalqına ünvanladığı ikinci təbrikin ABŞ rejimi üzərində qazanılan qələbə ilə bağlı olduğunu bildirdi: “ABŞ rejimi birbaşa müharibəyə daxil oldu, çünki müdaxilə etməsəydi, sionist rejimin tamamilə məhv olacağını hiss etdi. Buna görə də onu xilas etmək üçün müharibəyə qoşuldu, amma bu müharibədə heç bir nəticə əldə etmədi”.

 Ayətullah Xamenei qeyd etdi ki, ölkəmizin nüvə obyektlərinə edilən hücuma görə beynəlxalq məhkəmədə ayrıca bir cinayət işi açılmalıdır: “Əlbəttə, onlar heç bir ciddi iş görə bilmədilər. ABŞ prezidentinin qeyri-adi mübaliğə və şişirtmələri onun İslam Respublikasının böyük qələbəsini ört-basdır etmək ehtiyacını göstərir”.

O, İslam Respublikasının ABŞ-nin regiondakı mühüm hərbi bazası olan Əl-Üdeydəyə endirdiyi sərt cavab zərbəsinə işarə edərək dedi: “Amerikalılar öz hücumlarını şişirdib, İranın cavabını kiçiltməyə çalışdılar. Halbuki bu, çox böyük bir hadisə idi. Bu cavab göstərdi ki, İslam Respublikası ABŞ-nin regiondakı əsas mərkəzlərinə çıxış imkanına malikdir və lazım gəldiyi an onlara qarşı tədbir görmək gücündədir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu hadisə gələcəkdə də təkrarlana bilər və hər hansı təcavüz olarsa, düşmən və təcavüzkar üçün ağır nəticələr doğuracaq”.

O, üçüncü təbrikin İran xalqının təcavüz qarşısında nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik münasibətilə ilə olduğunu dedi: “Doxsan milyonluq bir xalq yekdilliklə, çiyin-çiyinə, istəklərində və hədəflərində heç bir fərq qoymadan birgə ayağa qalxdı, şüar verdi, Silahlı Qüvvələrin cavabını dəstəklədi və bundan sonra da belə olacaq”.

 Ayətullah Xamenei bildirdi: “İran xalqı öz böyüklüyünü, üstün və seçilən şəxsiyyətini göstərdi və sübut etdi ki, lazım olan anda bu millətdən yalnız bir səs eşidiləcək”.

O həzrət son hadisələrlə bağlı mühüm bir məqama toxunaraq ABŞ prezidentinin “İran təslim olmalıdır” açıqlamasına işarə edərək dedi: “Bu söz, əslində, ABŞ prezidentinin başından çox böyük sözdür və qədim tarixə, mədəniyyətə, polad kimi milli qətiyyətə malik olan əzəmətli İranı tanıyan insanlarda gülüş doğurur. Amma bu söz bir həqiqəti də üzə çıxardı: İslam İnqilabının əvvəlindən bu günə qədər ABŞ-nin İrana qarşı mübarizəsi insan hüquqları, demokratiya, qadın haqları, uranın zənginləşdirilməsi və nüvə proqramı, raket istehsal etmək qüdrəti kimi adlar altında aparılsa da, bütün bunlar sadəcə bəhanə olmuşdur. Onların əsl məqsədi İranı təslim etməkdir”.

İnqilabın Rəhbəri ABŞ-nin əvvəlki rəsmilərinin bu həqiqəti açıq şəkildə dilə gətirməkdən çəkinməsinə və bunu müxtəlif ifadələr altında gizlətməsinə işarə edərək vurğuladı: “İran xalqı bilməlidir ki, Amerika ilə düşmənçiliyin səbəbi onların İslam Respublikasını təslim etmək istəyi və bu istiqamətdəki böyük xəyanətləridir. Lakin belə bir şey heç vaxt baş verməyəcək.”

O, İran xalqının böyük bir xalq, İranın isə qədim sivilizasiyaya, mədəni sərvətə, ABŞ və onun kimi ölkələrdən yüzlərlə dəfə böyük bir mədəniyyətə malik güclü və geniş bir ölkə olduğunu dedi: “Bütün bu həqiqətlərə rəğmən, İranın başqa bir ölkə qarşısında təslim olacağını gözləmək sadəcə ağıllı və müdrik insanlarda gülüş doğuran başqa bir mənasız və cəfəng iddialardan biridir”.

Ayətullah Xamenei sonda vurğuladı: “İran xalqı izzətli və qalibdir, izzətli və qalib olaraq da qalacaq. Allahın lütfü ilə bu izzət və şərəf həmişəlik qorunacaq”.

Xəbəri paylaş

Yazarın bütün yazıları