İstanbul 23 saylı Ağır Cəza Məhkəməsi, İsrailin kəşfiyyat xidməti MOSSAD üçün casusluq etdikləri müəyyən edilən 7 nəfərlə bağlı hökmünü elan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, əsas təqsirləndirilən şəxs Ahmət Ərsin Tumlucalı “dövlət sirrlərini casusluq məqsədilə əldə etmə” maddəsi ilə 18 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Digər ailə üzvlərinə isə ümumilikdə 100 ilə yaxın həbs cəzası verilib.
MOSSAD üçün casusluq edən bu şəxslər Türkiyə polisi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. İstanbul 23 saylı Ağır Cəza Məhkəməsində çıxarılan hökmə əsasən:
-
Ahmət Ərsin Tumlucalı – 18 il 9 ay,
-
Onun həyat yoldaşı Bənan Tumlucalı – 16 il 8 ay,
-
Digər ailə üzvləri Cəm Özcan, Özkan Arıcan, Füzuli Şimşək və Dila Sultan Şimşək – hər biri 15 il 7 ay 15 gün həbs cəzası alıblar.
Məhkəmə zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Türkiyədəki hədəf şəxsləri izləyib, onların məlumatlarını toplayaraq İsrailə ötürüblər. Onlar məhkəmə zalında həbs edilib. Təqsirləndirilən, lakin həbsdə olmayan Nejdet Majoli isə bəraət alıb.
İttiham aktında qeyd olunub ki, casuslar MOSSAD-ın “Onlayn Əməliyyat Mərkəzi” adlı bölməsi üçün fəaliyyət göstəriblər. Onlar hədəf şəxslərin şəkillərini çəkib, ünvan məlumatlarını toplayaraq bu informasiyaları İsrailə ötürüblər. Prokurorluq təqsirləndirilən şəxslər üçün 15 ildən 20 ilədək həbs cəzası tələb etmişdi.