Qəzzada yaşayan 65 mindən çox fələstinli uşaq aclıqdan ölə bilər

Qəzzada yaşayan 65 mindən çox fələstinli uşaq aclıqdan ölə bilər

Qəzza sektorunda yaşayan 65 mindən çox fələstinli uşaq aclıqdan ölə bilər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Qəzza sektoru hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bölgədəki humanitar böhrana – aclığa, susuzluğu və xəstəliklərin yayılmasına səbəb isə İsrailin tətbiq etdiyi hərtərəfəli (havadan, sudan, qurudan) blokadadır.

İsrail artıq 70 gündür ki, bütün quru sərhəd keçidlərini qapalı saxlayır və bu da bütün qəzzalıların (2,4 milyon nəfər), xüsusilə də uşaqların aclıqdan əziyyətdən çəkməsinə gətirib çıxarıb.

Qeyd edilib ki, İsrail humanitar yüklü, həmçinin yanacaq daşıyan və tibbi ləvazimatlar olan təxminən 39 min yük maşınının Qəzzaya girişinə icazə vermir.

Bölgədə artıq 40 gündür ki, heç bir çörəkçi işləmir, insanların əsas qida məhsulu olan çörəyə çıxışının qarşısı kəsilib. Qəzzadakı uşaqların ərzaq çatışmazlığından ölmək riski günbəgün artmaqdadır. Aclıq, zəif qidalanma və səhiyyə sisteminin çökməsi səbəbi ilə 65 mindən çox uşağın taleyi təhlükə altındadır“, – deyə vurğulanıb.

Qəzza rəhbərliyi mövcud vəziyyəti “insanlığa qarşı cinayət” adlandırıb və əlavə edib ki, İsrail aclıq faktorunu müharibə vasitəsi qismində istifadə edir ki, bunu da BMT-nin 1948-ci il tarixli Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən, soyqırım faktı kimi qiymətləndirmək lazımdır.

İsrailə siyasi və hərbi dəstək verən ölkələr də, o cümlədən də ABŞ, Böyük Britaniya, Almaniya və Fransa bu bəşəri faciə və fəlakətə görə məsuliyyət daşıyırlar.

Qəzza sektoru hökuməti dünya ictimaiyyətinə İsrailin tətbiq etdiyi blokadanın dərhal ləğv edilməsi, nəzarət-keçid məntəqələrinin açılması və bölgəyə humanitar yardımın çatdırılmasına dair çağırış edib.

Davam edən beynəlxalq sükut bu cinayətdəki biabırçı əlbirlik və İsrail üçün heç bir cəza çəkmədən daha ciddi cinayətlər törətməsi üçün yolu açmaq deməkdir“, – deyə qeyd edilib.

Xatıladaq ki, İsrail ordusu 2023-cü il 7 oktyabrdan bəri böyük əksəriyyəti uşaqlar və qadınlar olmaqla 52 787 günahsız qəzzalını qətlə yetirib, 119 349 nəfəri isə yaralayıb. Həmçinin 10 minə yaxın Qəzza sakini də itkin düşüb. Bölgədəki faciəvi şərait, həmçinin infrastruktur və rabitə vasitələrinin İsrail tərəfindən məhv edilməsi səbəbilə müharibə qurbanlarının real sayının dəqiq hesablamaq mümkün deyil, bir sıra mənbələr ölüm faktlarının dəfələrlə çox olduğunu deyir, həmçinin aclıqdan dünyasını dəyişənlərin də real statistikasının aparılması qeyri-mümkündür.

Xəbəri paylaş

VİDEOLAR