"Müqaviməti tərksilah etməyə çalışanlar şiddətli cavab alacaqlar!"

Hizbullah-ın baş katibi Şeyx Naim Qasim bildirib ki, heç bir tərəfə müqaviməti tərksilah etməyə icazə verilməyəcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə o, “Əl-Mənar” telekanalında yayımlanan çıxışında deyib.

“Bu silah xalqımıza azadlıq bəxş edib, vətənimizi azad edib. Kim müqavimətə hücum edərsə və ya onun silahını almağa çalışarsa, biz ona qarşı İsrailə necə qarşı çıxmışıqsa, elə cavab verəcəyik”, – deyə Şeyx Qasim vurğulayıb.

O əlavə edib ki, Hizbullah zəif deyil, əksinə “torpaq və insan üçün izzət və şərəf sahibi olan” bir xalqın simvoludur: “Bizim seçimlərimiz var, heç nədən qorxmuruq və uyğun vaxtı özümüz müəyyən edəcəyik”.

Şeyx Naim Qasim müqavimətin yaranmasını İsrail işğalına qarşı bir reaksiya adlandırıb və bildirib ki, əgər Livan dövləti torpaqlarını və vətəndaşlarını müdafiə edə bilmirsə, müqavimət zəruridir. Onun sözlərinə görə, İsrail yalnız Fələstinlə kifayətlənmir, həm də Livanı ələ keçirmək istəyir.

“Hizbullah müqavimətə iki baxımdan inanır: birincisi, dini inanc baxımından – torpağın azad edilməsinin zəruriliyi; ikincisi isə milli baxımdan – çünki torpağımız işğal altındadır”.

O qeyd edib ki, Livandakı müqavimət böyük və təsirli nailiyyətlərlə başlayıb və əgər müqavimət olmasaydı, işğalın sona çatması mümkün olmazdı: “Müqavimət İsraili cənub sərhədində dayandırdı, məqsədlərinə çatmasına imkan vermədi və gənclər əfsanəvi dözümlülük göstərdi. Onlara ‘siz çox şey itirdiniz’ demək olmaz, əksinə soruşmaq lazımdır: müqavimət İsrailin məqsədlərinə çatmasının qarşısını necə ala bildi?”

Şeyx Naim Qasim vurğulayıb ki, atəşkəs razılaşması müqavimətin dözümlülüyünün nəticəsidir: “Əgər bu dözümlülük olmasaydı, nə atəşkəs razılaşması olardı, nə də İsrail öz təcavüzünü dayandırardı”.

Sonda o bildirib ki, bu gün bütün dünya etiraf edir ki, Hizbullah və Livan dövləti atəşkəs razılaşmasına əməl ediblər, lakin İsrail bu razılaşmanı pozmağa davam edir.

Qeyd edək ki, Livan höküməti xarici təzyiqlərlə Hizbullahı tərksilah etmək üçün ara-sıra nəbzölçən addımlar atır.

Xəbəri paylaş

VİDEOLAR