Qəzza zolağında davam edən humanitar böhran fonunda, aclıq təhlükəsi ilə üz-üzə qalan əhalinin vəziyyəti daha da ağırlaşıb.
Az.rasthaber.com xəbər verir ki, yerli rəsmilər bölgədə yeni bir insidentin baş verdiyini açıqlayıblar – ərzaq yardımı paketlərində narkotik tərkibli dərman aşkarlanıb.
Qəzzanın Hökumət İnformasiya İdarəsinin məlumatına görə, bölgədə paylanılan bəzi un torbalarının içərisində “Oxycodone” adlı güclü təsirə malik dərman tabletləri aşkar edilib. Bu yardımlar əsasən “Amerika-İsrail yardım mərkəzləri” vasitəsilə paylanıb. Yerli əhali arasında bu mərkəzlər artıq “ölüm tələləri” kimi tanınmağa başlayıb.
Qəzzaya daxil olan bütün yardımlar – yoxlama, paylanma və hətta ərzağın növü belə İsrail nəzarəti altındadır.
Rəsmi orqanların bildirdiyinə görə, bu hal təkcə bir neçə insidentlə məhdudlaşmır. Sağlamlıq və təhlükəsizlik qurumları vətəndaşlardan daxil olan bir neçə müraciəti təsdiqləyib. Müxtəlif nöqtələrdə un torbalarının içərisində, bəzən metal örtüklərə bükülmüş, bəzən isə birbaşa ərzaqla qarışdırılmış şəkildə bu dərmanlara rast gəlinib. Bu isə ictimai sağlamlıq baxımından ciddi təhlükə kimi qiymətləndirilir, xüsusən də müharibə şəraitində tibbi nəzarət və yoxlama imkanlarının məhdud olduğu bir mühitdə.
Məsuliyyət kimin üzərindədir?
Siyasi şərhçi Sami əs-Sabah məsələ ilə bağlı bildirib ki, bu cür hadisələr təsadüfi deyil və planlı şəkildə həyata keçirilən psixoloji və sosial zərbə siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, bölgəyə daxil olan bütün yardımlar İsrail tərəfindən ciddi yoxlamalardan keçir və bu miqdarda narkotik maddənin nəzarətdən yayınması sual doğurur. Əs-Sabah hesab edir ki, hərbi təzyiqlərlə nəticə əldə edə bilməyən İsrailli qüvvələr, artıq “yumşaq müharibə” üsullarına – narkotik maddələr və sosial xaos vasitəsilə daxildən zəiflətmə siyasətinə keçiblər.
Oxycodone nədir?
Tibbi ekspertlərin açıqlamasına görə, aşkar olunan “Oxycodone” maddəsi çox güclü və asılılıq yaradan opioid dərmandır. Yalnız ağır ağrılar zamanı və ciddi nəzarət altında istifadə edilir. Həkim İbrahim Hamed bildirib ki, bu dərman az miqdarda belə istifadə edildikdə tez asılılıq yaradır və nəzarətsiz qəbul edildikdə tənəffüs çatışmazlığı və hətta qəfil ölümlə nəticələnə bilər.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa və hər hansı şübhəli vəziyyətlə qarşılaşdıqda dərhal aidiyyəti orqanlara məlumat verməyə çağırır.