Yəmənin Ənsarullah Hərəkatının yüksək rütbəli rəsmisi İsrailin Yəmənə hücum edəcəyi təqdirdə böyük səhv edəcəyini və bu hücumun cavabsız qalmayacağını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatı Siyasi Bürosunun üzvü Hüseyn əl-Əzzi bu axşam verdiyi açıqlamada Yəmənin Fələstinə verdiyi dəstəkdən geri çəkilməyəcəyini vurğulayaraq deyib: “Müharibələr qiyamətə qədər davam etsə belə, Yəmən İsrailə boyun əyməyəcək”.
Tərəflər arasında atəş gücü balanssızlığına toxunan əl-Əzzi deyib: "Biz bu fərqin fərqindəyik, lakin hərbi potensialımız sürətlə inkişaf edir. Hər şeydən vacib olan, hüquqlarımızı tam şəkildə əldə etmək əzmimizdir".
Ənsarullah rəsmisi İsrailin Yəmənə qarşı son hücumlarını “ağır bədəli olacaq axmaq cəhd” kimi qiymətləndirərək, “Yəmənin qisas atəşi sönməyib və sönməyəcək” deyə xəbərdarlıq edib.
Əl-Əzzi həmçinin Yəmən ərazisinə edilən istənilən hücumun sərt cavabla qarşılanacağı barədə xəbərdarlıq edib.
Yəmən 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan bəri fələstinlilərin ən fəal dəstəkçilərindən birinə çevrilib.
Müharibə başlayandan bəri Yəmən İsrailə qarşı bir neçə raket və pilotsuz təyyarə hücumu həyata keçirib. Bu hücumlar Fələstin xalqına dəstək üçün Təl-Əvivə təzyiq göstərmək və Qəzzada müharibə və blokadaya son qoymaq məqsədi daşıyır.
Hücumların əksəriyyəti işğal altındakı Fələstinin cənubundakı Eylat bölgəsini hədəf alıb. Bununla belə, bəzi hücumlar Tel-Əviv və Ben Qurion hava limanı kimi mərkəzi yerləri də hədəfə alıb.
Bu hücumlar İsrail üçün ciddi təhlükəsizlik problemi hesab olunur və İsrailin Yəmənə qarşı hərbi reaksiyasına səbəb olub.
Yəmən səlahiyyətliləri İsrailin Qəzzaya hücumlarını davam etdirəcəyi təqdirdə hücumlarının miqyasını və intensivliyini artıracaqlarını açıqlayıb.